2024-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti beynəlxalq əməkdaşlığı daha da gücləndirib.
“Report” Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun rəisi İlqar Musayev ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
O, il ərzində həyata keçirilmiş strateji layihələr və informasiya təhlükəsizliyi sahəsində əldə olunmuş uğurlardan danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) kimi qlobal tədbirin yüksək səviyyədə təşkil olunmasında Xidmətin informasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm vəzifələrin həyata keçirməsi barədə məlumat verib.
Müşavirədə ötən il ölkəmizdə ilk dəfə təşkil olunan Kiberdiplomatiya üzrə beynəlxalq konfrans və yeni yaradılan Kiberdiplomatiya Mərkəzinin fəaliyyəti xüsusilə qeyd edilib. Eləcə də, kiberməkanın qlobal təhlükəsizlik məsələlərinə təsiri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, 2024-cü ildə Kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi və dövlət informasiya ehtiyatlarının mühafizəsi üçün yeni hüquqi-normativ çərçivələrin hazırlanması kimi mühüm addımlar atıldığı qeyd olunub.
Tədbirdə həmçinin “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi üçün görülən işlər və əldə olunan nəticələr müzakirə edilib.
Xidmət rəisi bu il qarşnda duran məsuliyyətli vəzifələrin icrası üçün görüləcək tədbirlər haqqında tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.