Sizə bir tamaşadan danışım. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinə Azərbaycan Musiqili Dram Teatrının səhnəsində məhz ingilis dilində baxmaq ideyası əvvəlcə mənə nə qədər absurd görünsə də, bunun öhdəsindən gəlib tamaşaya sonadək baxa bildim. Həm də dilin belə də əhəmiyyəti yox, dil bilmədən belə hər kiçik detal, hər məsələ gün kimi aydın görünürdü. Əlbəttə, aktyor və aktrisaların rol aparması, o rolları yaşaması da möhtəşəm idi.
Mövzudan danışmağa isə sözlər yetməz, o anı yaşamaq, duymaq oradakı ahəngi hiss etmək lazım idi. 1920-ci ildə yazılan əsərə müasir baxış bucağından baxmaqla bir məsələni dəqiq anladıq: aradan 100 ildən çox zaman ötməsinə baxmayaraq dəyişən heç nə olmayıb.
Hələ də dil problemi aktual məsələ olaraq qalmaqdadır. Yəni bu gün də əcnəbi dillərdə danışan, üzünü uzaq səmtə tutub yad həyat tərzindən ruhlanan, elə bil heç Azərbaycanda yaşamayan insanlarla hər gün rastlaşırıq.
Tamaşadakı dialoq əsnasında diqqətimi cəlb edən əsas nüans, ortancıl qardaş Səmədin Amerikaya getmək və bir daha geri dönməmək istəyi idi. Həmin gün də “Green Card” müraciətinin, yəni Amerikaya gediş qeydiyyatının cavabı açıqlanacaqdı. Bəlkə də təsadüf idi, ya da belə düşünülmüşdü. Bilmirəm. Nəticə etibarilə çox yaxşı məqama toxunulmuşdu.
Səhnəyə baxdıqca elə xeyli güldük, çünki gülməli anlarda əsasən günümüzün reallıqları o əsərə uyğun əks edilmişdi. Bəyəndiyim səhnələr də az olmadı. Məhəmmədəlinin nas surəsini oxuması, tərcüməçi obrazı, onun komik vəziyyətlərə düşməsi çox maraqlı göründü.
Tamaşada 100 il əvvəlin və bu günün inteqrasiyası açıq-aydın sezilirdi. Dəyişən texnologiya, mühit olsa da, ümumilikdə insanlar, cəmiyyət böyük mənada dəyişilməyib.
Tamaşanın başlanğıcında videogörüntü formasında ingilis dilinin vacibliyi, hər kəsin bilməsinin lazım olduğu vurğulanırdı. Hətta səhnədə ana doğma dildə danışanda oğlanları öz dillərinə uyğun danışmasını tələb edirdilər. Yəni ana Azərbaycan dilində danışmaq istəyəndə oğlanları: “İn English please”, – deyirdilər.
Yəni zəhmət olmasa, ingiliscə danış.
Bir sözlə, zamanla ayaqlaşmaq istəyirsənsə, ingilisin dilində danışmalısan. Danışa bilmədinsə, vay sənin halına. Nə bir iş tapacaqsan, nə vəzifə. Bir sözlə, zəhmət çək, “İn English please” deyənlərin yanına keç.
Tehran Yusifli