M. Teatrda Frans Kafkanın “Çevrimlə” əsəri və Pərviz Seyidlinin “Maraqlı fiqur və siçan qız” hekayəsi əsasında səhnələşən “İnstinkt” tamaşasını diqqətlə izlədim. İlk dəfə fərqli teatrla rastlaşırdım.
M. Teatr “Mənim Teatrım” deməkdir, yəni onların teatrı artıq mənim teatrımdır. Əgər gələcəkdə məndən soruşsalar, deyərəm, mənim teatrımda tamaşa izləmişəm. Burada ənənəvi teatrdan fərqli yanaşma müşahidə edilir. Elə qurulub ki, elə bil öz evindəki kimi rahat və sərbəst ola bilərsən. Nəzarətçi filan da yoxdur, telefonla nə istəsən çəkə bilərsən. Sadəcə bəzən qaranlıq səhnələrdə gərək telefondan işıq yayılmasın. Bunları aktyor Vüqar Baba danışdı, M. Teatrın qaydalarını izah etdi.
Bu teatr yaranan gündən bir neçə ənənənin əsası qoyulub. 3 dəfə zəng çalınır, özü də bunu adətən tamaşaçılar edir. Tamaşadan sonra aktyorlarla birgə ümumi xatirə fotosu çəkilir. O da sosial mediada paylaşılır. Nəhayət foto çəkilişindən sonra müzakirə başlanır: aktyorların oyununu tənqid də etmək olar, tərifləmək də. Bu dəfə müzakirə olmasa da, digər atributlar qorundu.
Bir sözlə, üçüncü zəng səsləndi, işıqlar söndü, tamaşa başladı. Qaranlıq, kiçik zalda izləyici sanki tamaşaya qarışmışdı. Səs və işıq effektlərinin yaratdığı qəribə hisləri isə heç demirəm.
Tamaşa boyu bir iki dəfə yanılmışam. Düşünürdüm, indi pərdə açılacaq, hər şey öz axarında davam edəcək. Axı bu, adi bir tamaşadır. “İnstinkt”də isə pərdə açılmadı. Bir müddət pərdənin arxasından kölgənin rəqsini izlədim. “Görəsən, sona qədər səhnəcik bu minvalla davam edəcək” sualını özümə bir neçə dəfə verdim. Sonra gözləmədiyim anda pərdə açıldı və tamaşa qaldığı yerdən davam etdi. Səhnədə aktyor Ziya Ağa və rəqqasə Oksana Rəsulova çıxış etdilər. Məntiqlə aktyor danışmalı, rəqqasə isə rəqs etməli idi. Amma tam elə olmadı.
“Maraqlı fiqur və siçan qız” hekayəsini yazıçının “İkimiz” əsərində daha öncə oxumuşdum. Mövzunun nədən bəhs etdiyini əvvəldən bilirdim. Kəndən şəhərə gələn sadəlövh qızın rolunu ifa edən Oksana Rəsulovanın hind rəqsi isə gözlənilməz oldu. Mən uşaqlıqdan hind rəqslərinə hər zaman maraqla yanaşmışam. Elə Oksananın videolarına baxaraq arabir mən də özüm üçün uzun ətək geyinib rəqs edərdim. Onu canlı izləmək isə mənə hədsiz zövq verdi və tamaşaya olan marağımı daha da artırdı.
Ümumiyyətlə, hər iki aktyor rolları kifayət qədər mahir ifa etdilər. Əsərlərdə oxucuya çatdırılaması lazım olan fikir səhnəcikdə də hər bir izləyiciyə çatdırıldı. Oksana tamaşa boyu müxtəlif dillərdə elə hey danışdı, Ziya isə danışmadı, çünki belə düşünülmüşdü. Oksana Rəsulovanı rəqsini aktyor oyunundan daha çox bəyəndim. Nə bilim, bəlkə yanılıram, amma susmaqda olan Ziyanı da eşitmək istərdim. O isə səssizcə dayanmışdı.
“İnstink” studiyasında fotoqraf rolunda çıxış edən Ziya Ağanın ifası möhtəşəm idi. Mimikası, davranışı, rəqsi, skripkanın ifası səhnəsində zalın axırına baxıb kimdənsə nəsə istəməsi o qədər real idi ki, başımı arxaya çevirməmək üçün özümü zorla saxlamışdım. Düşüncələri sözlərlə bildirmək asan işdir. Jestlərlə çıxış etmək isə xüsusi bir istedad tələb edir.
Tamaşa bitdi, işıqlar yandı. Düşündüm, nə yaxşı mən “siçan qız” deyiləm.
Şəms Ajax