Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarının imkanları haqqında məlumatlılığın artırılması məqsədi daşıyan “İnvestisiya səyahəti” layihəsi çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə sahibkarlarla doqquzuncu görüş Şəmkir şəhərində keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə ekspertlər tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmə və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda, investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılıb, təsərrüfatlara yerində baxış keçirilib və onların maliyyələşmə imkanları dəyərləndirilib.
AMB, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcək.