Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xidmət sferasının iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi dosent Kamran Abdullayevə Böyük Britaniyada “Scopus” və “Web of Science” elmi bazalarına daxil olan, “Elsevier” tərəfindən nəşr edilən dünyada ən yüksək reytinqə malik (Q1 -birinci kvartilə aid) “Nəqliyyat tədqiqatlarının fənlərarası perspektivləri” (Transportation Research Interdisciplinary Perspectives) jurnalı tərəfindən 2022-2023-cü illəri əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Kamran Abdullayev son iki ildə bu jurnalın rəsmi rəyçisi olub və fəaliyyətini davam etdirməkdədir. O, eyni zamanda, ABŞ-da nəşr olunan, “Scopus” və “Web of Science” bazalarına daxil olan beynəlxalq reytinqli “Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları Jurnalı” (Journal of Eastern European and Central Asian Research) tərəfindən 2023-cü ili əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı ilə təltif olunub. Beynəlxalq sertifikatda rəyçinin çalışdığı institut və ölkə də nəzərə alınıb. K.Abdullayev hazırda jurnalın rəsmi rəyçisidir.
Kamran Abdullayev 2024-cü ildə ABŞ-da nəşr edilən, “Scopus” bazasına daxil olan “Biznes və iqtisadiyyat üzrə əməliyyatlar” (WSEAS Transactions on Business and Economics) jurnalı tərəfindən 2024-cü ili əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı alıb.
Hər 3 reytinqli jurnal tərəfindən beynəlxalq rəyçilərə sertifikatlar verildikdə onlara il ərzində təqdim olunan iqtisadi məqalələri ingilis dilində elmi baxımdan akademik səviyyədə düzgün təhlil etmələri, rəyçinin beynəlxalq elmi fəaliyyəti, o cümlədən ingilis dilində tərtib olunmuş rəylərinin keyfiyyəti və obyektivliyi nəzərə alınır. Hər 3 jurnalın redaksiyası tərəfindən Kamran Abdullayevin 2024-cü ildə jurnalların redaksiya heyətinə qəbul edilməsi tövsiyə edilib.
Bundan başqa, dosent Kamran Abdullayev 2023-cü ilin noyabrında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Böyük Britaniyanın “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazasının fəaliyyəti ilə bağlı elmi tədbirdə fəal iştirak edərək beynəlxalq sertifikat alıb.