İran Xarici İşlər Nazirliyi ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələri pisləyib və bunu regionda gərginliyin artmasına səbəb olacaq strateji səhv adlandırıb. Bu barədə departamentin rəsmi nümayəndəsi Nasser Kanani-nin bəyanatında deyilir.
“İraq və Suriyaya dünənki hücum ABŞ hökumətinin növbəti qumar oyunu və strateji səhvi idi ki, bunun regionda gərginliyi və qeyri-sabitliyi artırmaqdan başqa heç bir nəticəsi olmayacaq”, – bəyanatda deyilir.
Kanani həmçinin ABŞ-ı hücuma məruz qalan ölkələrin suverenliyini və ərazi bütövlüyünü pozmaqda, habelə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə məhəl qoymamaqda ittiham edib. Departament nümayəndəsinin sözlərinə görə, “ABŞ-ın İraq, Suriya və Yəmənə hərbi hücumları İsrail rejiminin məqsədlərinə çatmağa xidmət edir”. (Tass)