İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında Tehranın İsrailin “istənilən macəralarına” cavab verməyə hazır olduğunu bildirib.
“İran İslam Respublikası regionda sülh və təhlükəsizliyin qorunması üçün hər cür səy göstərir, lakin eyni zamanda sionist rejimin istənilən avantürasına csvab verməyə hazırdır”. İran Xarici İşlər Nazirliyinin saytında çərşənbə axşamı axşam baş tutan söhbətdən sonra verilən bəyanatda deyilir.
Söhbət zamanı Əraqçi Quterreşin diqqətini İsrailin hərəkətləri nəticəsində Qəzza zolağı və Livanda yaranmış “fəlakətli humanitar vəziyyətə” cəlb edib. İran Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin BMT baş katibini yəhudi dövlətinin “təcavüzünü dayandırmaq” və zərər çəkmiş bölgələrə humanitar yardımın çatdırılmasını təşkil etmək üçün dünya təşkilatının “bütün imkanlarından istifadə etməyə” çağırıb. Əraqçi vurğulayıb ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə görə məsuliyyət “İsrail rejimi və onun əsas müttəfiqi ABŞ-ın” üzərinə düşür.
Quterreş də öz növbəsində İsrailin Qəzza və Livana davam edən hücumları səbəbindən bölgədə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib. O, vəziyyətin siyasi yolla tənzimlənməsinin vacibliyini və döyüşlərdən zərər çəkənlərə yardımın göstərilməsinin vacibliyini vurğulayıb.