İranda İsrailin xeyrinə casusluq etmək və respublikanın milli təhlükəsizliyinə zərbə vurmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə 4 nəfər edam edilib. Bu barədə İranın Mehr agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, İsrail kəşfiyyat agentliyi Mossad ilə əlaqəsi olan qrupun dörd üzvünə qarşı edam hökmü bazar ertəsi səhər icra olunub. Cinayətkarlar 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində raket zavodunda partlayıcı qurğu yerləşdirmək əməliyyatı keçirmək ittihamı ilə həbs ediliblər. Onlar İraq Kürdüstanı vasitəsilə ölkəyə daxil olublar.
Qeyd edilir ki, qrup üzvləri Mossad tərəfindən Komala təşkilatının (İran Kommunist Partiyasının kürd qolu, İranda terror təşkilatı siyahısına salınmış) yüksək rütbəli üzvü vasitəsilə cəlb edilib. İran hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, bir sıra Afrika ölkələrində təlim düşərgələrində terrorçuların təlimi zamanı Mossadın rəhbəri David Barnea onlarla görüşüb.
Sentyabrın 17-də İslam İnqilab Məhkəməsi qruplaşma üzvlərini İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və terror qruplaşması yaratmaqda ittiham edərək edam cəzasına məhkum edib. İranın Ali Məhkəməsi apellyasiya şikayətini rədd edərək, inqilab məhkəməsinin hökmünü təsdiqləyib. (Tass)