Cenevrədə İran və Aİ3 ölkələri – Böyük Britaniya, Almaniya və Fransa arasında nüvə dosyesi üzrə danışıqların sonuncu raundu başa çatıb. Məsləhətləşmələrdən sonra İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, İran diplomatiya və mübahisəli məsələlərin qarşılıqlı faydalı həllinin tərəfdarı olaraq qalır.
“Hər iki tərəf 2231 saylı Qətnamə ilə bağlı öz fikirlərini açıqlayıb. İran diplomatiyaya və qazan-qazan həll yolunun tapılmasına sadiq qalır. Aİ3 və BMT Təhlükəsizlik Şurasının diplomatiyaya vaxt və məkan verməklə düzgün seçim etmələrinin vaxtı çatıb”, – Qəribabadi X-də yazıb.
Xarici siyasət idarələri rəhbərlərinin müavinləri səviyyəsində keçirilən görüşdə “Avropa üçlüyü”nün tələbi müzakirə edilib, ona əsasən, İran MAQATE müfəttişlərinin öz nüvə obyektlərinə çıxışını bərpa etməli, həmçinin İranın nüvə proqramı üzrə yeni razılaşmanın əldə olunması üçün diplomatik danışıqları bərpa etməlidir. Əks halda Tehranı 2015-ci ildə imzalanmış sazişə əsasən ləğv edilmiş sanksiyaların yenidən tətbiqi gözləyir. İran tərəfdən danışıqlarda xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi də iştirak edib. (Tass)