“Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının avtomatik bərpası mexanizmini tətbiq etmək cəhdləri qəbuledilməzdir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə telefon danışığı zamanı deyib.
İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, “Əraqçi üç Avropa ölkəsinin qanunsuz və əsassız hərəkətlərini pisləyib və qeyd edib ki, bu cür davranış onların İrana qarşı həqiqi niyyətlərinə dair şübhələri daha da artırır və diplomatik həllə nail olmağı çətinləşdirir”. Xarici işlər naziri vurğulayıb ki, “İran İslam Respublikası üç Avropa ölkəsinin bu təxribatçı və qəbuledilməz addımlarına cavab olaraq müvafiq tədbirlər görəcək”.
Öz növbəsində, Kallas “diplomatik həll yolunun tapılmasının zəruriliyini təkrarlayaraq, diplomatiya və dialoqun təşviqində rol oynamağa hazır olduğunu” ifadə edib və “bu məqsədə nail olmaq üçün tərəflər arasında təmasların və məsləhətləşmələrin davam etdirilməsinə çağırıb”, – İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. (Tass)