İyulun 29-da “İrana Qasımova ilə Poetry Battle” layihəsi çərçivəsində səkkizinci axşam tədbiri olub. Həmin gün bu layihənin ikiilliyi qeyd edilib.AZƏRTAC xəbər verir ki, səkkizinci axşam “Azadlıq” mövzusunda təşkil edilib. Layihənin mövcud olduğu iki il ərzində müxtəlif poeziya janrları – məhəbbət lirikası, vətəndaş lirikası, fəlsəfi lirika, satira, mənzərə lirikası, həmçinin “Motivasiya” və “Retro” üzrə tədbirlər keçirilib.“İrana Qasımova ilə Poetry Battle” layihəsi müasir şairlərin öz şeirlərini təqdim etdikləri poeziya yarışmasıdır. Bu müsabiqələrin qalibləri sırasında Hacı Həşimov, Ayxan İbrahimov, Mariya Durmanova, Arzu Manaflı, Nathalie, Arzu Muradova, Eldar Cahangirbəyov var.Müsabiqənin qalibləri dörd mədəniyyət xadimindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilir. Jürinin tərkibinə aktyor Teymur Rəhimov, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İrana Qasımova ilə Poetry Battle” layihəsinin ikiqat qalibi, şairə Səidə Sübhi, jurnalist, psixoloq, həmin müsabiqənin ikiqat qalıbi Leyla Qurbanova, Azərbaycanın Əməkdar artisti, musiqiçi, skripkaçı Yulya Motorina daxildir.Müsabiqədə birinci yeri Ayxan İbrahimov tutub. Qalibə diplom və layihənin müəllifi İrana Qasımovanın adından hədiyyələr təqdim olunub.İrana Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, həmçinin öz pyesi əsasında hazırlanmış “Qadınlar nə istəyir?” satirik tamaşasının quruluşçu rejissoru, ssenarist, habelə “Kişi və qadın” poetik tamaşasında baş rolun ifaçısıdır. Şairə, eyni zamanda, “İrana Qasımova ilə poeziya klassikası”, “İrana Qasımova ilə Poetry Battle”, “İrana Qasımova ilə açıq mikrofon” populyar layihələrinə müəlliflik edir.