İran və Rusiya arasında hərbi sahədə əməkdaşlığın Ukrayna münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Bunu İslam Respublikası müdafiə nazirinin müavini Rza Talai-Nik deyib.
İranın Tasnim agentliyinin verdiyi məlumata görə, nazir müavini deyib: “İran və Rusiya arasında hərbi və digər sahələrdə əməkdaşlıq çoxdan başlayıb və Ukraynadakı münaqişə ilə heç bir əlaqəsi yoxdur” . Talai-Nik vurğulayıb ki, son hadisələr, o cümlədən Ukraynadakı münaqişə İran və Rusiya arasındakı münasibətlərə heç bir təsir göstərməyib. Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı fəaliyyət regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Yeddilik” ölkələrinin xarici işlər nazirləri İranı Ukraynadakı münaqişədə “Rusiya ordusuna yardımı dayandırmağa” çağırıblar. Onlar həmçinin bütün ölkələrdən İranın “Rusiyanın hərbi səylərini dəstəkləmək məqsədi daşıyan” pilotsuz təyyarə proqramlarına komponentlərin tədarükünün qarşısını almağı tələb ediblər. (Tass)