İran oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır. Bunu İslam Respublikasının seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında deyib.
“İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi üzrə sənədlərin hazırlanması başa çatıb, biz onu Rusiyada keçiriləcək BRİKS sammiti çərçivəsində imzalamağa hazırıq”, – IRNA agentliyi onun sözlərindən sitat gətirir . “Biz dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu əlaqələri gücləndirəcəyik”, – deyə siyasətçi əlavə edib.
Agentliyin məlumatına görə, Pezeşkian Putinlə söhbəti zamanı iki dövlət arasında BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və beynəlxalq və regional təşkilatlar platformalarında əməkdaşlığın vacibliyini vurğulayıb. Seçilmiş prezident qeyd edib ki, İslam respublikasının yeni hökuməti mayın 19-da təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisinin dövründə əldə olunmuş İran-Rusiya razılaşmalarını həyata keçirmək üçün bütün səylərini göstərəcək. (Tass)