İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əhəmiyyətlidir, bu səfər iki ölkənin əməkdaşlığında yeni səhifə açmış olacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.O qeyd edib ki, beynəlxalq arenalarda hər iki ölkə qarşılıqlı şəkildə bir-birilərinin maraqlarını hər zaman müdafiə edib. Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər.
“Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. Bakıda imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafına öz töhfəsini vermiş olacaq”, – deyə S.Mikayılova əlavə edib.
Prezident İlham Əliyevin mətbuata birgə bəyanatda bir sıra vacib məqamlara toxunduğunu diqqətə çatdıran deputat deyib: “Xüsusilə vurğulanmalı məsələlərdən biri odur ki, dünyada və eləcə də Yaxın Şərqdə baş verən olayların fonunda Azərbaycan dünya üçün əsaslı örnək formalaşdırdı. Bəzi Qərb dairələri qərəzli şəkildə Azərbaycana təzyiq göstərməyə, nələrdəsə ittiham etməyə çalışsa da, Azərbaycan bu ilin sentyabr ayında keçirdiyi antiterror tədbirləri zamanı yüksək dəqiqlik nümayiş etdirdi. Azərbaycan bu tədbirləri beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində apardı. Bu tədbirlər 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Bununla da Azərbaycan ərazisində separatçı rejimin fəaliyyətinə birdəfəlik son qoyuldu”.
Deputatın sözlərinə görə, regionda uzunmüddətli sülh üçün əlverişli şərait yaranmış olsa da, bir sıra dövlətlər bu prosesə mane olur, Ermənistan özü isə prosesi yubatmağa çalışır.
“Xüsusilə biz bu pozucu fəaliyyəti Fransanın timsalında daha çox görürük. Fransa Cənubi Qafqazda destruktiv rol oynayır. Ermənistan isə Fransa kimi imperialist, qanlı müstəmləkə keçmişinə sahib bir dövləti regiona gətirməyə çalışmaqla, onun maraqlarına xidmət etməklə öz ölkəsinin maraqlarını ayaq altına atmış olur. Eyni zamanda, Fransa və digər dairələrdən verilən dəstək mesajları Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yarada bilər. Ermənistan dövlət kimi öz gələcəyini başqa dövlətlərin ambisiyaları üzərində qurmamalıdır”, – deyə S.Mikayılova əlavə edib.
O, Azərbaycanın bütün səviyyələrdə sülhə hazır olduğunu bəyan etdiyini vurğulayıb.
“Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın sülh istədiyini bəyan edib. Azərbaycan sülh üçün əməli addımlar da atıb. Ermənistan və onun vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışan Fransa kimi dövlətlər də anlamalıdırlar ki, heç bir təzyiq Azərbaycan xalqının və hökumətinin iradəsinə təsir göstərə bilməz. Daha öncəki dövrlərdə də Azərbaycan bu təzyiqlərin əbəs olduğunu isbat edib, bundan sonra da bu təzyiqlər heç bir nəticə verməyəcək”, – deyən Sevil Mikayılova fikirlərini yekunlaşdırıb.