İsrail Livan sərhədindəki Hizbullah mövqelərini vurarkən, hücumda bir Livan əsgəri də həlak olub. İsrail ordusu açıqlama verərək, baş vermiş hadisəyə görə çox təəssüfləndiklərini bildirərək üzr istəyib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri dünən Livanın cənub sərhəd bölgəsindəki Kefrkilla qəsəbəsi yaxınlığında Livan ordusuna aid bir nöqtəni artilleriya atəşi ilə hədəfə alıb. Livan Ordusu X sosial media hesabında İsrailin hücumu nəticəsində əsgərlərindən birinin həlak olduğunu, 3-nün isə yaralandığını açıqlayıb.
İsrail ordusunun Livanın cənubuna qarşı həyata keçirdiyi hücumda ilk dəfə bir Livan əsgəri həyatını itirib.Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında İsrail-Livan sərhədində qarşılıqlı hücumlar davam edir. Bu hücumlarda 89 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Hizbullah Hərəkatı da bu gün verdiyi bəyanatda Livanın cənubundan İsrail sərhədində yerləşən 4 hərbi məntəqənin hədəf alındığını açıqlayıb.