İsrailin yüksək hərbi rəhbərliyi Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəsin tərəfdarıdır. “The New York Times” (NYT) təhlükəsizlik mənbələrinə istinadən yazır ki, İsrail generalları hesab edir ki, bu, girovların azad edilməsini asanlaşdıracaq və şiə “Hizbullah” hərəkatı ilə münaqişənin şiddətləndiyi təqdirdə orduya resursları bərpa etməyə imkan verəcək.
İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Eyal Xulata deyib: “Hərbçilər girovların azad edilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanı tam dəstəkləyirlər”. Onun sözlərinə görə, İDF generalları “həmişə əməliyyatları bərpa edə və gələcəkdə Həmas ilə hərbi qarşıdurmaya girə biləcəklərinə” inanırlar.
Qəzetin qeyd etdiyi kimi, yəhudi dövlətinin hərbi rəhbərliyi belə qənaətə gəlib ki, Qəzza zolağında saxlanılan 120-yə yaxın girovun azad edilməsinə nail olmaq üçün ən effektiv üsul atəşkəsdir. İsrailin yüksək rütbəli zabitləri də hesab edirlər ki, İsrail ordusunun bərpası üçün vaxt lazımdır və ölkənin şimalında Hizbullahla genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə sursat, silah və texnika çatışmazlığından ehtiyatlanır. Bundan əlavə, HƏMAS ilə razılaşma İsrailin Qəzzada hərbi əməliyyatlarına qarşı çıxan Livan tərəfi ilə dialoqun qurulmasına kömək edə bilər, – nəşrə adının çəkilməyən bir neçə rəsmisi bildirib. (Tass)