İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Conatan Konrikus Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda ölkədə vəziyyəti tam nəzarətə götürməyin hələlik mümkün olmadığını bildirib.
“Biz hələ də döyüşürük, son evləri, yaşayış məntəqələrini, icmaları və bazaları təmizləyirik. Ümid etmək istərdim ki, tezliklə biz İsraildə nəhayət suverenliyi və asayişi bərpa etdiyimizi deyə biləcəyik. Amma buna hələ nail olunmayıb. Bu, yalnız bizim prioritet nömrəmiz olacaq”, – polkovnik-leytenant CNN-ə bildirib.
O, həmçinin qeyd edib ki, nəzarət bərpa olunduqdan sonra hakimiyyət sərhədi bağlayacaq və HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayacaq.
Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, onlarla Həmas döyüşçüsü İsrailin cənubundakı sərhəd bölgələrinə sızıb.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı Əl-Əqsa tufanı əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.