İsrail Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının nəzarətindən kənarda qalacaq humanitar anklavlar sistemi yaradaraq, müharibədən sonrakı Qəzzanı idarə etmək üçün eksperimental modelini sınaqdan keçirməyi planlaşdırır. Bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti adı açıqlanmayan altı mənbəyə istinadən yazıb.
Onlar bildiriblər ki, humanitar anklavların pilot sxemi Qəzzanın şimalındakı Beyt Hanun, Beyt Lahiya və Əl-Atatra bölgəsində sınaqdan keçiriləcək. Plana əsasən, İsrail ordusunun şəxsi heyəti Qəzza zolağı ilə sərhəddə yerləşən Erez keçid məntəqəsi vasitəsilə bu zonalara humanitar yardımı “təsdiqlənmiş yerli fələstinlilərə” ötürəcək. Gözlənilir ki, Fələstin rəsmiləri nəhayət, “məsuliyyətlərini genişləndirə” və bölgədə idarəetməni ələ keçirə biləcəklər. Nəşr qeyd edir ki, İsrail Müdafiə Qüvvələri (IDF) ilkin mərhələdə yerli vasitəçilərin təhlükəsizliyini təmin edəcək.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, İsrail hesab edir ki, nəzarət sistemi girovların mübadiləsi üçün atəşkəslə bağlı uzun sürən danışıqlar fonunda Həmas-a təzyiq etmək üçün bir vasitə ola bilər. Bundan əlavə, plan uğurlu olarsa, ölkə 20 ildir anklavı idarə edən HƏMAS-ın gücünü sıxışdırmaq üçün Qəzzanın cənubunda humanitar anklavlar yaradacaq. (Tass)