Təxminən 20 fələstinli iyulun 16-da səhər Qəzza zolağında humanitar yardım paylama məntəqələrindən birində yaranan sıxışma nəticəsində həlak olub. Bu barədə anklavdakı məntəqələrin işini təşkil edən Qəzza Humanitar Fondunun (GHF) mətbuat xidməti məlumat yayıb.
Fondun bəyanatında deyilir: “Bu səhər Xan Yunisdə SDS3 (GHF yardım paylama məntəqəsinin adı ) baş verən faciəvi insidentdə 20 nəfərin həlak olduğunu təsdiqləməkdən çox kədərlənirik. Hazırkı məlumatımıza görə, izdihamda 19 qurban həlak olub, daha bir nəfər isə bıçaqlanıb”.
GHF nümayəndələri hesab edirlər ki, izdiham Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqəli təxribatçıların düşünülmüş hərəkətlərinin nəticəsidir. Onların sözlərinə görə, yardım paylama məntəqəsində izdihamın içərisində silahlı insanlar olub. “Yardım missiyasının başlanmasından bəri ilk dəfə olaraq, fondun əməkdaşları izdihamın arasından bir neçə odlu silah aşkar ediblər, onlardan biri müsadirə edilib”, GHF qeyd edib.
Həmçinin hadisə zamanı izdihamdan bir nəfər ABŞ-ın yardım paylama məntəqəsinin əməkdaşını odlu silahla təhdid etməyə başlayıb.
GHF qeyd edir ki, son vaxtlar yardım paylama məntəqələrinin fəaliyyəti ilə bağlı insidentlər daha tez-tez baş verir. Xüsusilə, Telegram-da müvəqqəti fəaliyyət göstərməyən ayrı-ayrı humanitar məntəqələrin açılması ilə bağlı yalan mesajlar yayılıb ki, bu da onların ərazisində iğtişaşlara səbəb olub. (Tass)