Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi üzrə danışıqlar irəliləyib. Bunu İsrailin xarici işlər naziri Gideon Saar da təsdiqləyib.
The Times of Israel xəbər verir ki, danimarkalı həmkarı Lars Løkke Rasmussen ilə görüşdən sonra Qüdsdə keçirilən mətbuat konfransında “İrəliləyiş əldə olunub, danışıqlarda müəyyən irəliləyiş görürük” deyib.
Saar vurğulayıb ki, İsrail tərəfi “girovlarla bağlı razılaşma əldə etmək istəyir”. “İsrail amerikalı dostlarımızla girovlarla bağlı razılığa gəlmək üçün çalışır və biz yaxın vaxtlarda qarşı tərəfin də bunu istəyib-istəmədiyini biləcəyik”, – o əlavə edib.
Razılaşmaların əldə olunması üçün mümkün müddətlə bağlı sualı cavablandıran nazir konkret proqnozlar verməkdən yayınıb. “İrəliləyiş var. Dedim ki, hər şey əvvəlkindən qat-qat yaxşı görünür, amma hər sözə, hər ifadəyə çox həssas yanaşan ailələrin olduğunu başa düşdüyüm üçün bundan artıq danışmaq istəmirəm”. “Ümid edirik ki, tezliklə nəyinsə baş verdiyini görəcəyik, lakin bu hələ təsdiqlənməyib”, – Saar əlavə edib. (Tass)