Kütləvi etirazların yeni dalğası bütün İsraili bürüdü. Minlərlə nümayişçi ölkə hökumətindən Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinin danışıqlarda irəli sürdüyü şərtlərlə razılaşaraq Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini təmin etməyi tələb ediblər.
TASS-ın müxbiri xəbər verir ki, ən böyük nümayiş, ənənəyə görə, Təl-Əvivdə baş tutub. Minlərlə etirazçı şəhərin şərqindəki hökumət kompleksinin qarşısındakı küçələri dolduraraq, İsrail girovlarının evlərinə qayıtmasına imkan verəcək təcili Qəzza razılaşmasını tələb ediblər.
Etirazçılar girovlara dəstək şüarları səsləndirib, İsrail bayraqlarını dalğalandırıb, bir çoxunun isə Qəzzada həmyerlilərinin portretləri olan plakatlar əllərində saxlayıblar. Girovların xilas edilməsi tələbləri ilə yanaşı, Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökumətinin istefası və ölkədə yeni seçkilərin keçirilməsi ilə bağlı fəal çağırışlar səslənib.
Yerusəlim və Hayfa da daxil olmaqla, İsrailin bir çox başqa şəhərlərində kiçik etirazlar keçirilib. (Tass)