İstanbulun Dəniz Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əzizin fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və İstanbulun Dəniz Muzeyi tərəfindən təşkil olunan sərginin açılış mərasimində Azərbaycanın bu şəhərdəki baş konsulu Nərminə Mustafayeva, Türkiyə Şimal Dəniz Sahə komandanı, vitse-admiral Mustafa Kaya, İstanbul Dəniz Muzeyi komandanı polkovnik Kadir Ataseven, Azərbaycan Mədəniyyət Nazirliyinin və ölkəmizin Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarının, eləcə də Türkiyə ictimaiyyətinin nümayəndələri və digər sənətsevərlər iştirak ediblər.
Sərgidə Rafiq Əzizin İstanbul, Çanaqqala, Mersin, Hatay-İskenderun Dəniz muzeylərində sərgilənən, eləcə də Türkiyənin Milli Müdafiə Nazirliyinin kolleksiyasında yer alan yağlı boya ilə çəkilmiş 30 əsəri nümayiş olunur.
Bu əsərlər arasında 1081-ci ildən günümüzə qədər Türkiyənin şanlı Dəniz Qüvvələrinin, eləcə də Çaka bəydən Oruc Barbaros və ya Oruc rəis kimi tanınan əfsanəvi komandanların, dünya dəniz xəritəsini hazırlayan admiral Piri Rəis, həmçinin Turqut Rəis, Cezayirli Qazi Hasan Paşa, Kamal Rəis kimi məşhur türk admiralların portretləri və onların iştirak etmiş olduqları dəniz müharibələrinin təsvir olunduğu tablolar yer alıb. Sərgidə Rafiq Əzizin Mustafa Kamal Atatürkə həsr olunan əsərlərindən ibarət xüsusi guşə yaradılıb.
Martın 10-dək İstanbulda nümayiş olunacaq sərgi sonra Çanaqqala Dəniz Zəfərinin ildönümü münasibətilə Çanaqqalada açılacaq.
Xatırladaq ki, azərbaycanlı rəssam 1992-ci ildə Xocalı soyqırımından sonra uşaqlar arasında “Qarabağ müharibəsi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi təşkil edib və bu rəsmlər ozamankı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə İstanbulun “Taksim Sənət Qalereyası”nda nümayiş etdirilib. Sərgi bir çoxları kimi İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, soykökü Azərbaycanla bağlı olan Bədrəddin Dalanın da marağına səbəb olub. Rafiq Əzizlə görüşən Bədrəddin Dalan Azərbaycanda baş verən hadisələrdən çox sarsıldığını və Qarabağ müharibəsi zamanı valideynlərini itirən on uşağın Türkiyədə təhsil almasına maddi dəstək göstərmək istədiyini bildirib. O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin uşaqların Türkiyəyə gətirilməsində Rafiq Əzizə dəstək göstərib. Ulu Öndər sonralar İstanbul səfəri zamanı bu uşaqlarla da görüşüb. Uşaqları Türkiyəyə gətirdikdən sonra isə onlara cavabdeh şəxs olaraq rəssam İstanbula köçüb. Bununla da Rafiq Əziz Türkiyədə rəssam olaraq fəaliyyətə başlayıb.
1995-ci ildə İstanbulda ilk emalatxanasını açan rəssam bir ildən sonra İstanbulun Yeditəpə Universitetində fəaliyyətini davam etdirib və hazırda bu ali təhsil müəssisəsinin görkəmli professorlarından biridir. Bu günə qədər Türkiyənin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, hərbi akademiyaları olmaqla bir çox qurumlarının muzeylərinin şəxsi fondunda rəssamın 200-dən çox əsəri yer alıb və daim nümayiş etdirilir. Rafiq Əzizin yaratdığı sənət əsərləri Türkiyənin dövlət xadimlərinin iş otaqlarını bəzəyir. Onun ən böyük əsərlərindən biri olan “1071 Malazgirt meydan müharibəsi” doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. Rəssam tərəfindən qardaş ölkə başçısına hədiyyə edilən əsərlərdən biri də Prezident Ərdoğanın anasının vəfatından sonra çəkilən portreti olub.
Sənətkar, eyni zamanda, Türkiyənin hərbi akademiyaları, Dəniz Qüvvələri, Komandanlığı, habelə Xəzinə və Maliyyə Nazirliyi nəzdində Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin xətti ilə bir neçə simvolik pul vahidinin hazırlanmasında yaxından iştirak edib. İlk dəfə 2013-cü ildə “Piri Rəisin Dünya Dəniz Xəritəsi çəkdiyi Kitabı-Bahriyənin 500 illiyi” münasibətilə hazırlanan pul vahidi üçün rəsm çəkən sənətkar sonralar bir çox simvolik gümüş pulların da rəssamı olub. Rafiq Əzizin təşəbbüsü ilə Türkiyə Zərbxanasında 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” və 2020-ci ildə Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfəri münasibətilə “Qarabağ Azərbaycandır” simvolik gümüş pul vahidləri hazırlanıb.
Rafiq Əziz 2016-cı ildə “Türkiyə hərbi muzeylərində yağlı boya ilə çəkilən əsəri yer alan və Zərbxanada hazırlanan suvenir gümüş pulların rəssamı olaraq dünyada ilk və yeganə çağdaş rəssam kimi Ginnesin Rekordlar Kitabına daxil olub.
Rəssam tərəfindən Türkiyəyə gətirilən uşaqlar isə orta və ali təhsillərini çox yüksək səviyyədə tamamlayıblar.