İsveç hökuməti Rusiyanın siyasətlərini dəstəklədiyi üçün Mali Respublikasına inkişaf yardımını dayandırmaq qərarına gəlib. Bu barədə TV4 telekanalı məlumat yayıb.
Səbəb, digər məsələlərlə yanaşı, Malinin 2023-cü ilin fevralında BMT Baş Assambleyasının Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına dair qətnaməsinin əleyhinə səs verməsi olub. İsveçin Xarici Ticarət və Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq naziri Yohan Forssel bu qərarı şərh edərək, “Mali hökuməti Rusiyaya üz tutub və onun Ukraynaya qarşı müharibəsini dəstəkləyir” deyib.
“Bizim humanitar yardımımız, yəni ehtiyacı olanlara qida, su və dərman şəklində yardımımız əvvəlki kimi Malidə qalacaq, lakin inkişaf yardımı dayandırılacaq”, – nazir izah edib.
Son 10 il ərzində İsveç Maliyə inkişaf üçün 3,5 milyard krondan (341 milyon dollar) çox yardım göstərib. (Tass)