Qırx dörd günlük müharibədən sonra Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin əsas elementlərindən biri də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Məlumdur ki, Azərbaycan ilə Ermənistan arasındakı dövlət sərhədi uzun illər Ermənistanın işğalçılıq siyasəti nəticəsində şərti xarakter daşıyıb. Şərti dövlət sərhədinin dəqiqləşdirilməsi isə texniki olaraq çətin və mürəkkəb prosesdir. İkinci Qarabağ müharibəsindən sonra sülh müqaviləsi ilə bağlı danışıqlarla paralel olaraq delimitasiya və demarkasiya komissiyalarının da ayrıca görüşləri keçirilir. Bu görüşlərdə müzakirə olunan əsas məsələlərdən biri təbii ki, tərəflərin hansı dövrün xəritələrinə əsaslanması ilə bağlıdır. Danışıqlar prosesində ilkin mərhələ kimi hansı prinsiplərin və metodologiyanın əsas götürüləcəyi də müəyyənləşdirilir. Xəritələrin müəyyənləşdirilməsi məsələsində isə tərəflərin fərqli yanaşması var. Ermənistan müəyyən qədər 1970-ci illərə aid xəritənin danışıqlarda əsas kimi götürülməsini təklif etsə də, Azərbaycanın yanaşması ondan ibarətdir ki, konkret bir xəritəni əsas götürmək məsələnin həllinə maneə yaradır. Ona görə də problemin həlli istiqamətində ilk növbədə, siyasi iradə ortaya qoyulmalıdır, daha sonra isə texniki və ekspert səviyyəsində müzakirələr həyata keçirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Nağı Əhmədov deyib.
N.Əhmədov xatırladıb ki, Azərbaycan və Ermənistan Sovet İttifaqına daxil olduqdan sonra onların sərhədləri müxtəlif dövrlərdə süni şəkildə ovaxtkı mərkəzi hökumət, yəni Moskva tərəfindən dəyişdirilib. “Azərbaycan əraziləri müxtəlif formalarda Ermənistan SSRİ-nin tərkibinə verilib. Buna görə də Azərbaycanın yanaşması tərəflərin ortaq məxrəcə gəlməsindən ibarətdir. Bunun üçün də müxtəlif formullar tapılmalı və komissiyaların fəaliyyətinin də əsas istiqaməti bu cür müəyyənləşdirilməlidir. İki dövlət arasında sülh müqaviləsi imzalanarsa, artıq bundan sonra delimitasiya və demarkasiya ilə bağlı digər məsələlər, o cümlədən xəritələrin seçilməsi məsələsi də növbəti mərhələlərdə daha rahatlıqla həll edilə bilər”, – deyə ekspert vurğulayıb.
Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı növbəti görüşlərin cari ilin yaz aylarında baş tutacağını proqnozlaşdıran ekspert qeyd edib ki, Azərbaycanın sülh danışıqlarında əsas yanaşması görüşlərin daha çox ikitərəfli xarakter daşıması ilə bağlıdır.
“Məlumdur ki, iki ölkə arasındakı sülh danışıqları müxtəlif platformalar vasitəsilə həyata keçirilib. Buraya daha çox Qərb platformasını, Vaşinqtonda və Brüsseldə keçirilən görüşləri aid etmək olar. Digər danışıqlar isə qonşu Rusiyanın iştirakı ilə baş tutub. Lakin təəssüf ki, bu platformaların heç biri bu günə qədər tamamilə uğurlu ola bilməyib. İkinci Qarabağ müharibəsinə qədər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılırdı və 28 illik danışıqlar prosesinin uğursuzluğa düçar olduğu hər kəsə məlumdur. Həm 44 günlük müharibəyə qədər, həm də 44 günlük müharibədən sonra vasitəçiliklə aparılan danışıqlarda uğur əldə edilməyib. Ona görə də keçmişdə olan bütün neqativ təcrübələri nəzərə alan Azərbaycan məhz ikitərəfli danışıqlar təklifi ilə çıxış edib. Ötən il dekabrın 7-də Azərbaycan və Ermənistan tərəfindən bəyan edilmiş ikitərəfli ortaq bəyanat və saxlanılan hərbçilərin dəyişdirilməsi artıq tərəflər arasında danışıqların uğurlu ola biləcəyinin siqnalını verib. Digər tərəfdən də delimitasiya və demarkasiya ilə bağlı son danışıqlar da heç bir vasitəçinin iştirakı olmadan sərhəddə baş tutub. Əgər tərəflər dayanıqlı sülhə nail olmaq istəyirlərsə, problemlərinin həlli ilə özləri məşğul olmalıdır. Kənar vasitəçilər prosesdə iştirak etdikdə, onlar öz maraqlarını ifadə edəcəklər və bu məsələ də regionda sülhə pozitiv töhfə verməyəcək. Ancaq iki tərəf arasındakı dialoq və danışıqlar prosesi isə ümumi sülh müqaviləsinin imzalanmasına töhfələr verə bilər. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, sülh müqaviləsinin imzalanması ilə bağlı cari ildə ciddi irəliləyişlərin baş verəcəyini gözləyə bilərik”, – deyə N.Əhmədov diqqətə çatdırıb.