M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Əngəlsiz musiqi” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ilk olaraq piano müəllimi, Ərzurum Atatürk Universitetinin (Türkiyə) sosiologiya ixtisası üzrə tələbəsi Lalə Cəfərova autizmli uşaqların həyatında musiqi təhsilinin olduqca böyük əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, musiqinin universal dili cəmiyyətin bütün təbəqələrini birləşdirmək gücünə malikdir.
Daha sonra konsert proqramı təqdim olunub. Koral Erdeniz (piano), Elias Ələkbərov (piano), Zərifə Cəfərova (piano), Can Hilton (piano), Cəlalə İsmayılzadə (cello), Nilay Quluzadə (xanəndə), Fərhad Nuraylı (tar), Ziya Hümmət (tar), Əkbər Hüseynov (tar), Fərhad Əliyev (kamança), Nazənin Məmmədli (kamança), Şahanə Əhmədsoy (qanun) və Röya Namazova (qanun) musiqisevərlər qarşısında çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin piano üzrə II sinif şagirdi Ayxan Quluzadə (müəllim: Dilarə Əhmədova) də konsertdə uğurla çıxış edib.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, belə tədbirlərin təşkil olunması onların istedadının üzə çıxarılması ilə yanaşı, cəmiyyətin autizm sindromlu uşaqların ehtiyaclarına daha fərdi və spesifik yanaşmasını təmin etmək üçün olduqca vacibdir.