İllərlə əziyyətlər çəkdik, bir çox yer dəyişdik. Bu günə şükür, arzumuza çatdıq və doğma yurdumuza qayıdırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Cəbrayıla köç edən keçmiş məcburi köçkün Yusifov Yusif bildirib.
“Cəbrayıllı günlər”indən bəhs edən sakin illərlə bu günün həsrətini çəkdiyini deyib. “Beş yaşımdan Cəbrayıldan çıxmışam. Otuz ildir qayıtmaq həsrəti ilə yaşayıram. Düzdür, hər yer vətəndir, ancaq düşünürəm ki, yurda qayıtmaq, orada yaşayıb-yaratmaq lazımdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 42 ailə – 205 nəfər köçürülüb.