Teleqraf xəbər verir ki, burada o, Barselonada yaşayan azərbaycanlılarla, evin nəzdində fəaliyyət göstərən dərnəklərin müəllimləri və tələbələri ilə görüşüb.
Xatırladaq ki, bu gün dünyanın 18 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi hər bir Azərbaycan Evini lazım olan vəsaitlərlə təmin edir.
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov evin fəaliyyəti barədə ətraflı məlumat verib, gələcək planlardan danışıb. Azərbaycan Evində bu vaxta qədər bir sıra intellektual yarışların, kino günlərinin, sərgilərin, milli mədəni irsimizi, zəngin tariximizi təbliğ edən tədbirlərin, açıq qapı günlərinin keçirildiyini bildirib.
İspaniyadakı türk icmasının üzvlərinin, cənubi azərbaycanlıların da Barselona Azərbaycan Evini ziyarət etdiyi, tədbirlərə qatıldıqları və fəallıq göstərdikləri vurğulanıb.
Komitə sədri İspaniyada yaşayan Azərbaycan icmasının təşkilatlanmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin ölkəmizin mədəni irsinin tanıdılmasında Azərbaycan Evinin mühüm rol oynadığını qeyd edib, soydaşlarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində bir sıra ölkələrdə seçki məntəqələrinin təşkil edildiyi Azərbaycan Evlərindən biri də Barselona Azərbaycan Evi olub.