ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson bildirib ki, konqresmenlərin əlində ABŞ prezidenti Co Baydenin ailəsinin hesablarına xarici qurumlardan milyonlarla dolların daxil olmasına dair sübutlar var.
“Biz Bayden ailəsinin xarici rəqiblərimizdən milyonlarla dollar aldığını göstərən şahid ifadələrini və bank çıxarışlarını nəzərdən keçirdik. Şahidlər bildirdilər ki, prezidentin ailəsinin xarici müştəriləri ilə çoxsaylı əlaqələri olub”, – o, sosial şəbəkədəki səhifəsində yazıb. Natiq vurğulayıb ki, bu dəlillərə məhəl qoymamaq mümkün deyil.
Conson həmçinin Bayden və onun administrasiyasını istintaqa mane olmaqda günahlandırıb. “Prezident və Ağ Ev dəfələrlə ictimaiyyəti çaşdırıb, oyun qaydalarını dəyişib və başqa yolla istintaqa mane olublar” deyə o yazıb.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib. (Tass)