Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsi Plenumunun iclasında 7 nəfərin prezidentliyə namizədliyinin qeydə alındığını bildirib.
“Report”un xəbərinə görə, MSK sədri seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçinin izlədiyini qeyd edib.
M.Pənahov xatırladıb ki, 1000 məntəqədə veb-kamera quraşdırılıb: “Seçicilərin fəallığı 76,43 faiz olub”.
MSK-nın qərarına əsasən, seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.
M.Pənahov bildirib ki, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.