Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində dama və şahmat üzrə yarışlar keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Yarışlar əməkdaşların asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi, kollektiv ruhunun möhkəmləndirilməsi ilə yanaşı, müstəqil dövlətçilik dəyərlərinin təbliği məqsədilə təşkil olunub.
Yarışlarda Mərkəzin 20 nəfər hərbi qulluqçusu və 12 nəfər dövlət qulluqçusu iştirak edib.
Dama üzrə yarışda çempion adına mayor Vüsal Əlizadə layiq görülüb, ikinci yeri dövlət qulluqçusu Emin İslamlı, üçüncü yeri isə mayor Samir Sadayev qazanıb.
Şahmat üzrə yarışda polkovnik-leytenant Səbahəddin İsmayılov birinci olub, ikinci yerə dövlət qulluqçusu Rauf Səmədzadə, üçüncü yerə isə polkovnik-leytenant Tural Hüseynov layiq görülüb.
Yarışların qalibləri Mərkəzin rəhbərliyi tərəfindən diplomla təltif olunublar.