Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Qəzza zolağında dərhal atəşkəsə çağırıb və münaqişənin həlli üçün Qətər, ABŞ və Misirin vasitəçilik səylərini dəstəkləyib. Bu barədə regional təşkilatın Ər-Riyadda nazirlərin görüşündən sonra dərc olunmuş bəyanatında deyilir.
“Nazirlər Şurası İsrailin Qəzza zolağına qarşı davam edən təcavüzünü, həmçinin fələstinli mülki şəxslərə qarşı hücumları və onların məcburi köçkünlüyünü pisləyib”, – Körfəz Əməkdaşlıq Şurası katibliyinin saytında dərc olunan bəyanatda deyilir. Təşkilat üzvləri Qəzza zolağında “dərhal və daimi atəşkəs”in tətbiq edilməsini, həmçinin İsrailin hərbi əməliyyatlarının başa çatdırılmasını və Fələstin anklavındakı blokadanın götürülməsini tələb ediblər.
Nazirlər ABŞ, Misir və Qətər liderlərinin Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və anklavda saxlanılan girovların azad edilməsinə yönəlmiş danışıqları bərpa etməyə çağıran bəyanatını alqışlayıblar. GCC ölkələri Qəzza zolağında atəşkəs və anklavda pisləşən humanitar vəziyyətin təcili həllinə yönəlmiş səylərə “tam dəstəyini” ifadə ediblər. (Tass)