Kreml Dağlıq Qarabağda vəziyyətin inkişafını, o cümlədən humanitar aspektini diqqətlə izləyir. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyanın 2024-cü il yanvarın 1-dən onun fəaliyyətinə xitam verilməsi haqqında fərmanı imzalamasına
münasibət bildirmək sorğusuna cavab olaraq Peskov deyib: “Nəzərə alırıq, diqqətlə izləyirik. İlk növbədə, təbii ki, humanitar yönü, ən əhəmiyyətlisi budur.”
“Bizim sülhməramlılarımız insanlara yardım etməkdə davam edir. Çoxları Ermənistan ərazisinə keçmək arzusundadır. Arzu edənlərə dəstək verilir”, – Kreml nümayəndəsi əlavə edib.
Mətbuat katibi onu da diqqətə çatdırıb ki, dərc olunan sənədin bəndlərindən birində əhalinin Bakının təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olması qeyd olunub. “Əlbəttə ki, biz bu humanitar aspektlərə diqqət yetirməyə davam edəcəyik”, – Peskov əlavə edib.
Peskov deyib ki, Rusiya ermənilərin Dağlıq Qarabağdan kütləvi şəkildə köçürülməsi şəraitində ən çox humanitar aspektdən narahatdır – insanların normal şəraitlə təmin olunması vacibdir.
“Burada əsas odur ki, belə bir qərar qəbul edənlər normal yaşayış şəraiti ilə təmin olunsun. Yəni, bizi ən çox narahat edən bu problemin sırf humanitar aspektidir”.
Belə bir vəziyyətdə kimin günahının görünə biləcəyi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib: “Burada kimin günahkar olması barədə danışmaq çətin ki, belə hərəkətlər üçün birbaşa səbəb yoxdur”. “Amma buna baxmayaraq, insanlar Qarabağ ərazisini tərk etmək arzusunu bildirirlər. Bəziləri, ola bilsin, əbədi olaraq, bəziləri isə müvəqqəti olaraq bunu etmək istəyini nümayiş etdirirlər”, – o bildirib. (Tass)