Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Lənkəran rayonunun meşəlik ərazisində müşavirə keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Tədbirdə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbidə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin faydasını vurğulayıblar. Diqqətə çatdırılıb ki, meşə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri yanğınların qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
Müşavirənin praktiki hissəsində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə şərti olaraq baş vermiş meşə yanğının qarşısının alınması, eyni zamanda xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6-8 metr enində sahənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.