Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında yaxın vaxtlarda İran nümayəndələri ilə təmaslar keçirməyi planlaşdırdığını açıqlayıb.
Lavrov parlamentarilərin İranın Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyası perspektivləri ilə bağlı sualına cavab olaraq qeyd edib ki, İran tərəfi hazırda konvensiyanın ratifikasiyasını “hər bir dövlətin milli zonasının parametrlərini müəyyən edən birbaşa əsas xətlərin” necə qurulması məsələsinin həlli ilə əlaqələndirir.
“Biz ekspertlər səviyyəsində bütöv bir sıra həll yolları təklif etmişik və iranlı həmkarlarımız onları nəzərdən keçirir. Mən yaxın vaxtlarda İran nümayəndələri ilə əlaqə saxlayacağam; biz hər dəfə belə görüşlərdə bu məsələləri qaldırırıq”, – Rusiya XİN rəhbəri vurğulayıb.
O, həmçinin xatırladıb ki, 2023-cü ildə onun sədrliyi ilə Rusiyada Xəzər əməkdaşlığı üzrə idarələrarası komissiya yaradılıb. “Orada da biz iranlı dostlarımıza ratifikasiya prosesini başa çatdırmağa kömək edəcək təşəbbüslər hazırlayırıq”, – Lavrov əlavə edib. (Tass)