Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub.
AZƏRTAC xəbər verir ki, universitetin prorektoru Gao Qanq və burada Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüş zamanı Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsində gənclərin, o cümlədən iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrin rolu qeyd edilib. Bu baxımdan Azərbaycan mədəniyyətini öyrənib tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetindəki Azərbaycan dili kafedrasının fəaliyyətinin, universitetdə Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxildir.
Görüş zamanı Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.
Daha sonra universitetin Azərbaycan dili kafedrası ilə tanışlıq olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kafedranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Heydər Əliyev Fondunun müxtəlif sahələr, o cümlədən Azərbaycan mədəniyyətinin tanıdılması üzrə nəşrlərinin Çin dilində çap olunmasının vacibliyi qeyd edilib.