Litvanın planlaşdırdığı mülki müdafiə sisteminin inkişafı üçün 2030-cu ilə qədər 285 milyon avro xərc tələb olunacaq. Belə fundamental maliyyələşdirmə rəqəmləri Baltikyanı respublika hökuməti tərəfindən öz iclasında təsdiqlənib.
“Mülki əhalinin təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirlərin ümumi dəyəri 285 milyon avro, o cümlədən Avropa İttifaqından 103 milyon avro təşkil edəcək”, – Nazirlər Kabinetinin qərarında deyilir.
Beləliklə, 2 milyon 889 min nəfər əhalisi olan ölkənin hər sakini üçün bu müddət ərzində mülki müdafiəyə təxminən 100 avro xərclənəcək. 2030-cu ilə qədər 1,9 min sığınacaq tikmək planlaşdırılır. Hazırda 4,2 min belə məntəqə var. Onlar təxminən 1 milyon insana və ya əhalinin 38%-nə sığınacaq verə bilərdilər.
Hökumət yerli hakimiyyət orqanlarına sakinlərin 60%-ni şəhərlərdə, 40%-ni isə kənd yerlərində sığınacaqla təmin etmək vəzifəsini qoyub. İnteqrasiya edilmiş təhlükə xəbərdarlığı sistemi də hazırlanmalıdır. (Tass)