Litva Nazirlər Kabineti Rusiya Federasiyası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında sazişin ləğv edilməsi haqqında Ədliyyə Nazirliyinin təklifini təsdiqləyib.
Bəyanatdan belə çıxır ki, Moskva ilə Vilnüs arasında bu saziş çərçivəsində hüquqi əməkdaşlıq faktiki olaraq iki il əvvəl dayandırılıb və Litvaya Rusiyadan gələn hüquqi yardım üçün müraciətlər, Litva vətəndaşlarının maraqları ilə birbaşa əlaqəli hallar istisna olmaqla, yerinə yetirilmir. Vilnüs sazişi növbəti uzadılma tarixinə – 2025-ci il yanvarın 21-nə qədər denonsasiya etmək niyyətindədir.
Ədliyyə naziri Evelina Dobrovolskanın sözlərinə görə, bu qərarın qəbul edilməsinə səbəb kimi geosiyasi vəziyyətin dəyişməsi və Rusiyanın xüsusi hərbi əməliyyat keçirməsi (SVO) göstərilir. (Tass)