Belarus Prezidenti Aleksandr Lukaşenko Şahbaz Şərifi Pakistanın baş naziri seçilməsi, ölkə hökumətinin formalaşması münasibətilə təbrik edib və 2024-cü ildə Pakistana səfər etməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Bu il Pakistana səfər etməyə hazır olduğumu təsdiqləyirəm. Əminəm ki, görüşümüz sənaye, əczaçılıq, kənd təsərrüfatı, neft-kimya, elektrik nəqliyyatı, təhsil, elm və texnologiya sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, – dövlət başçısı vurğulayıb.
Lukaşenko Pakistanın baş nazirinə ölkənin gələcək inkişafı üçün bütün plan və layihələrin həyata keçirilməsini arzulayıb, Minsklə əməkdaşlığın buna töhfə verəcəyini qeyd edib. “İslamabad 30 ildir ki, bizim etibarlı tərəfdaşımızdır. Sevindirici haldır ki, Belarus və Pakistan hökumətləri 2022-ci ildə Səmərqənd və Astanada şəxsi görüşlərimiz zamanı əldə etdiyimiz ikitərəfli əlaqələrin intensivləşdirilməsinə dair razılaşmanı vicdanla yerinə yetirirlər”, – təbrikdə deyilir.
(Tass)