Azərbaycan Moldovanı yaxın tərəfdaş dövlət hesab edir və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan-Moldova biznes forumunda çıxışı zamanı deyib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan danışan nazir qeyd edib ki, forumun məqsədi iş adamları və biznes strukturlarının əlaqəsini daha da genişləndirməkdən ibarətdir.
“Azərbaycanda yaradılan münbit şərait nəticəsində məhsul istehsalı artıb. İxracın 24 faiz artması da onu deməyə əsas verir ki, ölkəmizdə biznes mühiti üçün əlverişli şərait yaradılıb. Azərbaycan iqtisadiyyatının tranzit və nəqliyyat sahəsində də geniş potensialı var. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məntəqədə yerləşir ki, bu da Moldova ilə əlaqələrin inkişafına əlavə stimul verir”, – deyə M.Məmmədov vurğulayıb.
Nazir biznes-forumda iştirak edəcək iş adamları və biznes strukturlarının nümayəndələrini fəal olmağa və qarşılıqlı əməkdaşlıq əlaqələri qurmağa çağırıb.