Məişət zorakılığı ilə bağlı verilən qısamüddətli mühafizə orderinin müddəti uzadılır. Qısamüddətli mühafizə orderinin müddəti 60, uzunmüddətlinin isə 180 gün olacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 23-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
İkinci oxunuşda təqdim olunan qanun layihəsinə əsasən, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir.
Qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar Qanunun 11-ci və 12-ci maddələrində qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək artırılması təklif olunur. Uzunmüddətli mühafizə orderi isə 60 gündən 180 gün müddətinədək verilir.
Qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər nəzərdə tutulur.