Sentyabr 15, 2025-19:22
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Mələkxanım Əyyubova: “Narahatlıq var, düşünürsən, bunun qarşısını necə almaq olar?..” – MÜSAHİBƏ

Onunla müsahibəni təqdim edirik.

– Laçında keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi sənət mühitində xüsusi maraqla qarşılandı. Sizcə, bu müsabiqənin finalı muğam sənətinin inkişafı və gənc ifaçıların üzə çıxarılması baxımından hansı əhəmiyyət daşıyır?

– Doqquzuncu muğam müsabiqəsi uğurla keçdi. Qeyd etdiyiniz kimi, final mərhələsi doğma Laçında keçirildi. Müsabiqə həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunmuşdu. İstedadlı gənclərimizin bacarıqlarını görərək onların səslərinin formalaşmasına, peşəkar səviyyəyə yüksəlməsinə xüsusi diqqət yetirdik.

İlk mərhələlərdə zəif görünən iştirakçılar zamanla səhvlərindən nəticə çıxardılar və daha yaxşı ifalar təqdim etməyə başladılar. Finalda qalib gələn gənclərimizi təbrik edirəm, hər bir iştirakçı layiq olduğu yeri tutdu. Sona yaxınlaşdıqca bəzi iştirakçılar ifalarına daha məsuliyyətli yanaşaraq yüksək səviyyədə oxumağa başladılar, doğrudan da, çox yaxşı nəticələr göstərdilər, yüksək ballar qazandılar.

– Ümumiyyətlə, muğam sənətini bu gün necə qiymətləndirirsiniz? Gənclərin muğama marağı və münasibəti barədə fikirləriniz necədir?

– Bu gün muğam sənətinə maraq daha da artıb. Bizim dövrümüzdə bu maraq az idi, hətta ailələr övladlarının bu sənətə gəlməsinə razı olmurdular. Mən 1980-ci ildə sənətə gəlmişəm. O vaxt bu yolda cəmi üç nəfər idik, biri də Səkinə İsmayılova idi.

Birinci vitse-prezident Mehriban Əliyevanın bu layihəni həyata keçirməsindən sonra gənclərin muğama marağı çoxaldı və daha da inkişaf etdi. Artıq hər kəs görür ki, bu müsabiqələrdən nə qədər istedadlı ifaçılar yetişib.

– Tez-tez vurğulanır ki, muğam ifaçısı üçün yalnız səs imkanları yox, həm də ruhun və qəlbin gücü əsasdır. Siz bu fikirlə razısınızmı? Bu mövzuya münasibətiniz necədir?

– Öncə onu deyim ki, muğam ifaçısı üçün hər üçü – həm səs, həm ruh, həm də qəlbin gücü önəmlidir. Təkcə səs kifayət etmir. Səsin var, amma ruhun yoxdursa, bu, kimə lazımdır? Əlbəttə, səs Allah vergisidir. Elə ifaçılar var ki, səsini Allah verib, yaxşı da oxuyur, amma ruh qatmadan ifa edir. Ruh tamam başqa bir şeydir, vergi kimidir. Hissiyyat olmadan səsin mənası qalmır.

Müsabiqə zamanı biz iştirakçılara tez-tez deyirdik ki, emosiyanı itirməyin, hislərinizi göstərin, dinləyiciyə enerji verin. Bunlar olmayanda ifanın təsiri itir.

– Muğam sənəti səbir tələb edən sənətdir. Siz bu yolda hansı çətinliklərlə üzləşmisiniz?

– Əslində, hər bir işdə, hər bir sənətdə çətinliklər olmalıdır. Əgər insan rahatlıqla nəyəsə nail olursa, onun qədrini bilmir. Hər şey zəhmətlə, sınaqlarla əldə olunmalıdır ki, dəyəri yüksək olsun. Mən çətinliklə qarşılaşanda həmişə düşünmüşəm, yaxşı ki, bu çətinlik var.

Mənim həyatımda, doğrusu, çox çətinliklər olmayıb. Səhnəyə gələn gündən, düşünürəm ki, Allahın sevimli bəndəsi olmuşam. Ustadlarım mənim istedadımı görüb, qarşıma hər zaman gözəl insanlar çıxıb. Mənə yaşıl işıq yandırıblar. Bu səbəbdən deyə bilərəm ki, sənət yolunda xüsusi maneələrlə üzləşməmişəm.

Amma, əlbəttə, zəhmət çəkmişəm, üzərimdə çox çalışmışam. Sənətə gəldiyim vaxt ustadım Qulu Əsgərov olub. Əvvəlcə ansamblda tanınmışam. Daha sonra Süleyman Ələsgərov məni orkestrə gətirdi, mən orada da tanındım. Sonra yolum operaya qədər uzandı. Hər zaman istedadım nəzərə alınaraq irəli çəkilmişəm.

– Sizcə, gələcəkdə muğam sənəti klassik formasını qoruyaraq inkişaf edəcək, yoxsa daha çox eksperimental inkişaf yolunu seçəcək?

– Biz həmişə klassik üslubu qorumağa çalışmalıyıq. Xalq artisti Arif Babayev – Allah ona rəhmət etsin – həmişə deyərdi ki, klassik yoldan yayınmaq olmaz. Səni ona görə çox istəyirəm ki, həmişə klassik üslubu qoruyursan. Yəni, muğam ifasında bizim dəyişikliyə ixtiyarımız yoxdur, muğamlar necə yaranıbsa, elə də oxunmalıdır.

Amma xalq və bəstəkar mahnılarımızı gənclərin dinləyə bilməsi üçün müəyyən qədər müasir tənzimləmələrlə təqdim etmək olar, əsas odur ki, onların mahiyyətinə xələl dəyməsin.

Muğamlar toxunulmazdır. Hərdən bəzi ifaçılar fərqli üslublara müraciət edirlər, məsələn, ərəb və fars nəfəs texnikalarını tətbiq edirlər, amma bu bizim muğama aid deyil və yolverilməzdir. Muğamı klassik üslubda ifa etməliyik, necə yaranıbsa elə də gələcək nəsillərə çatdırmalıyıq. Ən doğru yol budur.

– Müasir texnologiyalar muğam sənətinin inkişafına necə təsir göstərir?

– Bu proses hələ yeni başlayır, süni intellekt və sair. Amma mənim narahatlığım var, gərək muğama zərər dəyməsin. Adam təəccüblənir, düşünürsən ki, görəsən, bunun qarşısını necə almaq olar…

– Muğam ifaçılığında fərdi üslubunuzun formalaşmasında əsas nə rol noynayıb? Sizcə, ifaçının şəxsi üslubu necə inkişaf edir?

– Bir ifaçı üçün əsas olan nədir? Əlbəttə, metodika var və ona əməl etmək vacibdir. Mən bütün tələb olunan prinsiplərə riayət edirəm. Əsas odur ki, səsin, nitqin düzgün olsun, muğam və qəzəlliyyatı düzgün çatdırasan. Klassik muğamı düzgün formada ifa etməli, səsini bütün registrlərdə işlətməyi bacarmalısan.

Məni tamaşaçıya ötürdüyüm enerji sevdirir. Hər bir muğam hissəsinin öz xarakteri var və onu tamaşaçıya düzgün çatdırmaq vacibdir. Bunu bacarmasan, ifa maraqlı olmayacaq. Tamaşaçıya düzgün enerji vermək ifanın əsas məqamıdır. Mən hər zaman xalqımla ünsiyyətdə oluram, onlar tez-tez deyirlər ki, siz muğamı elə ifa edirsiniz, dinləyici yorulmur. Bu prinsipi biz gənc ifaçılara da öyrədirik, tamaşaçını yormamaq, hər bir şöbənin xarakterini düzgün vermək çox önəmlidir.

Hər hissəni düzgün ifa edəndə tamaşaçı həqiqətən zövq alır. Bütün bunlar böyük bir məktəbdir və muğam ifaçılığının təməlini təşkil edir.

– Siz özünüz ən çox hansı muğamı sevirsiniz?

– Hərdən düşünürəm, görəsən, hansı muğamı daha çox sevirəm. Amma özüm tez-tez deyirəm ki, səsimdə bütün muğamlar alınır. Səsim və ifa keyfiyyətim imkan verir ki, hər hansı muğama müraciət etsəm, onu gözəl ifa edim. Mən bütün muğamları sevirəm və hər birini səsimdə təqdim edə bilirəm.

Məsələn, Bayatı-Şiraz kimi mürəkkəb muğamları götürürəm, səsimdə alınır. Amma bəzi muğamlar var ki, onların xarakterini tam bilməsən, ona yaxınlaşmaq belə çətindir. Belə muğamları oxumaq şərt deyil, xarakterini anlamadığın muğamı ifa etməkdən əl çəksən yaxşıdır.

Amma mən bütün muğamlarımızı xarakterinə uyğun ifa etmişəm. Kiçik həcmli olsa da, mürəkkəb muğamlar var ki, onları səsində yanğı və xarakter vermədən oxumaq mümkün deyil. Buna görə də əvvəlki sənətkarlar bu muğamlara çox müraciət etmirdilər. Məsələn, Bayatı-Şiraz dəstgahı çox mürəkkəbdir, xüsusi yanaşma tələb edir.

– Sənətinizlə bağlı planlarınız nədir?

– Yaşımın bu dövründəyəm ki, Allah can sağlığı versin, qalan ömrümü sənətimə həsr etməyi düşünürəm. Əsas məqsədim tələbələr yetişdirmək və gənc ifaçıların inkişafına xidmət etməkdir. İstedadlı tələbələr yetişdirmək mənim ən əsas planım və ən böyük arzularımdandır.