“2012-ci ildən etibarən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur. Qəbul imtahanları isə lap əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər”, – M. Abbaszadə qeyd edib.
Həmçinin ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti haqqında məlumat verən M.Abbaszadə 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5% artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və keçən il Qarabağ universitetində 1200 nəfərin qəbul edildiyini qeyd edib.
M. Abbaszadə bildirib ki, buraxılış imtahanlarında orta bal 132 baldır: “Bu, keçən ilki nəticələrlə uyğun gəlir. Təxmin edirik ki, keçən ilki kimi olacaq. Bəlkə də abituriyenylər daha yüksək nəticə göstərəcəklər. Çünki plan yerləri də fərqlidir”.