Bu günlərdə 2016-cı ildə Xalq Artisti Vidadi Həsənovun təşəbbüsü ilə yaradılan “Mteart”da ilk dəfə oldum.
Maraqlı təcrübə idi, çünki “Mteatr” hamımızın bildiyi teatrlara bənzəmirdi, çox fərqli idi.
Girişdə uzun, dar dəhlizin divarlarında müxtəlif tamaşa afişaları asılmışdı. Dəhliz boyu tamaşaçılar üçün üz-üzə qoyulmuş rəngli skamyalar əyləşdik. Səhnəyə giriş qapısının önündə asılmış zəng görünürdü.
Qonaqları dəhlizdəcə elə Vidadi bəyin özü qarşıladı, səhnəyə daxil olmaq üçün zəngi çalmağa da qonaqlardan birini dəvət etdi. Heç təəccüblənməyin, hələ giriş qapısında durub içəri keçən tamaşaçılara bir-bir “xoş gəlmişsiniz” dedi. Biz də xoşluqla keçdik içəri.
Tamaşa zalı. Divarları fərqli səhnə adamlarının, eləcə də teatrın öz aktyorlarının portretləri ilə bəzədilmiş, təxminən yetmiş nəfərlik tamaşaçı tutumu olan kiçik zal. İşıqlar və aksesuarların olduğu xudmani səhnə.
Tamaşaçılar yerlərini aldıqdan sonra yenidən xalq artistinin zəhmli səsi otağı bürüdü. Vidadi bəy qonaqlara Azərbaycanın ilk müstəqil teatrı olan “M Teatr” yəni “Mənim Teatrım”ın yaranması və iş prinsipi haqqında məlumat verdi, ardınca tamaşaçılar bu dəfə başlanğıc zənglərini çaldılar. Vidadi bəyin dilindən desək “burda zəngi özümüz çalırıq”.
Səhnədə Rövşən Ağayevin pyesi əsasında səhnələşdirilmiş “Bir gecənin nağılı” tamaşasını iki gənc aktyor – Ayan Kamran və Qəzənfər Musabəyovun ifasında izlədik. Ciddi problemi mövzu seçən, amma komik detalları ilə ona fərqli çalarlar əlavə edən tamaşa, aktyorların peşəkar performansı ilə gələnləri gah ağladıb, gah güldürdü.
Tamaşa bitdi, işıqlar yandı, alqış səsləndi, yox, hələ heç kim evə getmədi. Əvvəla, aktyorlar səhnədən enib qonaqlarla foto çəkdirdilər. Ardınca, mən deyərdim, bu teatrın ən unikal cəhəti tamaşa sonrası birgə müzakirə oldu. Düz eşitdiniz, texniki heyət, Vidadi bəy, aktyorlar və tamaşaçılar olmaqla birlikdə başladıq interaktiv söhbətə. Hamı fikir bildirdi, suallar cavablandırıldı. Teatrı tərk edəndə də Vidadi bəy ev sahibi kimi hamını yola salmağı unutmadı. Beləcə bu ilk dəfə tanış olduğum, elə özümün çağdaş teatrını olduqca xoş duyğularla tərk etdim.
Olmasın mənim, olsun elə sənin teatrın. Ən az ziyarət edib, bu təcrübəni yaşayasan gərək…
Mələk Eldənizqızı