1979-cu ildə fəaliyyətə başlayan, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Duzdağ Müalicə Mərkəzi bu gün ən müasir şəraiti ilə Naxçıvanda müalicə turizminin inkişafına əvəzsiz töhfələr verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, labirint şəklində, ümumi uzunluğu 46 kilometr olan Duzdağın yeraltı hissəsi girişdən 360 metr məsafədə, 110 metr dərinlikdədir. Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 25-30 faiz arasında dəyişir, atmosfer təzyiqi 678 millimetr civə sütunu təşkil edir. Bu məkanın duzu bir çox xəstəliklərin, o cümlədən bronxial astma infeksion allergik forma və atopik forma, astmatik komponentli xroniki bronxitin remissiya fazası, kəskin və xroniki bronxitlər, predastma yeni astma öncəsi xəstəliklər, allergik rinosinusopatiyalarda faydalıdır.