7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. 2 saylı seçki məntəqəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının binasında yerləşir.
Məntəqə seçki komissiyasının sədri Süleyman Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, sabah – fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, respublikamızın ictimai-siyasi həyatında çox əlamətdar və əhəmiyyətli bir hadisədir.
Seçki məntəqəsi səsvermə gününə tam hazırdır. Seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb. Seçici siyahılarına görə, məntəqə üzrə 1376 seçici qeydə alınıb. Onlardan 21 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün məntəqədə veb-kamera quraşdırılıb.
Bütün seçki dairələrində, seçki məntəqələrində olduğu kimi, 2 saylı seçki məntəqəsində də seçicilər azad, sərbəst və demokratik şəraitdə istədikləri namizədlərə səs verə biləcəklər.