Bazar günü Rabatın mərkəzində Mərakeş və İsrail arasında münasibətlərin normallaşdırılmasından imtina etməyi tələb edən minlərlə insanın nümayişi keçirilib. Küçə mitinqinin iştirakçıları İsrailin Fələstin vətəndaşlarına qarşı davam edən qırğınlarını, eləcə də beynəlxalq ictimaiyyətin susqunluğunu kəskin şəkildə pisləyiblər.
Hespress informasiya portalı xəbər verir ki, nümayiş Fələstinə dəstək və İsraillə münasibətlərin normallaşmasına qarşı mübarizə məqsədilə Mərakeş Cəbhəsi tərəfindən təşkil olunub . Burada müxtəlif siyasi partiyaların, həmkarlar ittifaqı hərəkatlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Onlar Bab əl-Had meydanından V Məhəmməd prospektində yerləşən Parlament binasına doğru yürüş ediblər.
Əllərində pankartlar və Fələstin bayraqları tutan nümayişçilər İsrailin uşaqlar və qadınlar da daxil olmaqla fələstinlilərə qarşı “soyqırım müharibəsi”ni və məktəbləri, xəstəxanaları, ibadət yerlərini və yaşayış məntəqələrini atəşə tutmağa davam edən “Qərbin sionist varlığa dəstəyini” pisləyiblər.
Etirazçılar “Qəzza ləyaqət simvoludur”, “Xalq normallaşmaya son qoyulmasını istəyir” şüarları səsləndirib. Onlar həmçinin Rabatdakı İsrail Əlaqə Ofisinin (diplomatik nümayəndəlik) bağlanmasını, Mərakeş diplomatlarının İsraildən geri çağırılmasını və İsraillə münasibətlərin hər hansı formada normallaşdırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulunu tələb ediblər. (Tass)