Azərbaycanda növbədənkənar prezident seçkiləri Avropa və dünya standartlarına uyğun şəkildə həyata keçirildi.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Mərmərə Vəqfi müşahidə missiyasının rəhbəri Akkan Suver növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında deyib.
O, 42 seçki məntəqəsində müşahidə apardıqlarını deyərək bildirib ki, seçkilərdə seçicilər, xüsusilə də qadınlar çox fəallıq göstərirdilər: “Qarabağ dastanından sonra Azərbaycan tam bir demokratik bayram yaşadı”.
A.Suver bu seçkilərin Azərbaycan və ümumiyyətlə, türk dünyasının gələcəyi üçün önəm kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.