AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı dosent Lalə Qurbanovanın “Mətn dilçiliyində cümləfövqü vahidlər” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada mətni formalaşdıran cümləfövqü vahidlərin intonasiya məsələsi nəzəri baxımdan ətraflı təhlil edilib. İntonasiya və cümləfövqü vahidlər monoqrafiyada qarşıya qoyulan məqsədə uyğun olaraq linqvistik təhlillə yanaşı, psixolinqvistik aspektdən də təhlil edilib və qarşıda duran məsələlərin ikili linqvistik və ekstralinqivistik təhlili monoqrafiyanın aktuallığını şərtləndirir.
Kitab Azərbaycan dilçiliyində germanistika ilə bərabər müxtəlif sistemli dillərdə ekstralinqvistika, fonetika, dil nəzəriyyəsi, praqmatika kimi geniş dilçilik sahələri barədə yazılan dissertasiya, monoqrafiya, dərs vəsaiti, dərslik və s. kimi elmi-tədqiqat işləri üçün əsaslı və geniş nəzəri bir mənbədir.
Monoqrafiyanın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorlar filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli və filologiya elmləri doktoru, professor İlham Tahirov, rəyçilər filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Cumayevadır.