2020-ci il Vətən müharibəsindən və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası bütün dünyaya göstərdi ki, Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər və soyqırımları cavabsız qalmayacaq.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin “EU Reporter” nəşrindəki məqaləsində deyilib.
“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən biridir. Xocalı soyqırımı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Deputat qeyd edib ki, Azərbaycan Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, hadisələrə düzgün hüquqi qiymət verilməsi istiqamətində səylərini davam etdirir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına başlayıb”.
M.Əfəndiyev onu da xatırladıb ki, 2024-cü il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoyub.
“Azərbaycan xalqı bu gün yalnız bir şeyi – Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasını və qatillərin törətdikləri cinayətlərə görə cavab verməsini istəyir. Biz də gələcəkdə dünyanı soyqırımlarından və bəşəriyyətə qarşı törədilən digər cinayətlərdən qorumaq istəyirik”, – o bildirib.