İllər sonra ləğv edilmiş məktəblərinin önünə toplaşdılar, bir zamanlar şagird kimi əyləşdikləri partalar arxasında əyləşdilər, müəllimlərindən dərs də aldılar. Bir neçə saatlıq olsa da, məktəb illərinə döndülər, gözləri önündə xatirələri canlandırdılar.
Bəlkə də Son Zəng günü çoxlarımız illərin ardından bu cür görüşlərin keçirilməsinə ümid etmişik. Məktəbi bitirdiyimiz ilk illərdə gerçəkləşdirdiyimiz də olub. Ancaq 21 il sonra, üstəlik 10 ildir ləğv olunmuş bir məktəbin binasında, həm də məktəb rəhbərliyinin, müəllimlərin iştirakıyla bir araya gəlmək bəlkə də bir film fraqmentinə bənzəyir…
Söhbət hazırda fəaliyyət göstərməyən Bakı şəhəri, Nəsimi rayonu 152 saylı tam orta məktəbin rəhbərliyi, müəllimləri və məzunlarından gedir. Elə tədbirin təşkilatçıları və təşəbbüskarları da vaxtilə həmin məktəbin müəllimi olmuş Zeynəb Nəbiyeva və həmin məktəbin 2003-cü il məzunu Əlvi İbrahimovdur.
Tədbir Azərbaycan Respublikasının himni və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin sükutla anılması ilə başlayıb.
Görüşdə ilk çıxış edən Zeynəb müəllimə belə bir tədbirin təşkil olunmağından və uzun illər çalışdığı təhsil müəssisəsinin müəllim, məzun kollektivi ilə illər sonra təkrar bir araya gəlməkdən çox şad olduğunu ifadə edib. O, vaxtilə 152 saylı məktəbdə çalışmış, ancaq vəfat etmiş Eldar, Saleh, Qafar, İmran, İmanqulu, İsmayıl, Xatalı, Çingiz müəllim və digərləriylə bağlı xatirələrini bölüşüb, onlara Allahdan rəhmət diləyib. Səhhətlərində olan problem səbəbiylə görüşdə iştirak edə bilməyən Elman, Mamed, Uğurlu müəllimlərə və can sağlığı arzulayıb.
Tədbirin təşkilatçısı və aparıcı 2003-cü il məzunu Əlvi İbrahimov tədbirə yığışan müəllim və məzunları salamlayıb, hər birinə iştiraklarına görə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və şanlı Azərbaycan Ordusunun qüdrəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və anti-terror əməliyyatlarında Azərbaycan dövlətinin qazandığı qələbələrdən də söz açıb. Onu da bildirib ki, bugünkü tədbir də əlamətdar zamana təsadüf edir, şanlı Azərbaycan Ordusu Qazaxın işğal altında olan dörd kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırıb. Bu qələbələr tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.
152 saylı məktəbin vaxtilə direktorları olmuş Sevil Bayramova və Nərgiz Namazova da görüşdə iştirak edib. Hər iki direktor tədbir iştirakçılarını salamlayıb təşkilatçılara xüsusi təşəkkürlərini çatdırıb, keçirdikləri, nostalji, xoş hisslərini bölüşüblər.
152 saylı məktəbin tədris binası hazırda Azərbaycan Pedaqoji Universitetinin balansındadır. Tədbirdə universitetin xüsusi nümayəndəsi-ADPU-nun Tədris Departamentinin Məzun Koordinasiya və Karyera Şöbəsinin müdiri Könül Əsgərova da qonaq qismində iştirak edib, tədbirin həmin binanın ərazisində keçirilməsinə, həmçinin binaya daxil olmağa şərait yaradıldığı üçün iştirakçıların təşəkkürü ADPU-nun rektoru professor Cəfər Cəfərova çatdırılıb. Könül xanım da öz çıxışında belə bir tədbiri, təşəbbüsü alqışlayıb, tədbirdə iştirakından çox məmnun olduğunu, məktəbin müəllim heyəti içərisində ADPU-nun məzunlarının da olduğunu qeyd edib.
Görüşdə 152 saylı məktəbin məzunlarından Vətən müharibəsində iştirakçısı Rəfiyev Abdullaya da fikirlərini ifadə edib. O da, təşkilatçılara öz təşəkkürünü bildirərək bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı arzulayıb.
Çıxışlardan sonra tort kəsilib, xanım müəllimlərə güllər paylanılıb, rəqslər edilib.
Daha sonra keçmiş məktəb binasına daxil olunub, partalar arxasında əyləşilib, müəllimlər simvolik dərslər keçib, xatirə fotoları çəkdirilib.
Sonda hər kəs bu cür tədbirlərin davamlı olmasını arzuladıqlarını dilə gətirib.